Xüsusi təhsildə “məntiq” – var, amma yalnız fantaziya janrında…

Xüsusi təhsildə “məntiq” – var, amma yalnız fantaziya janrında…

Uşaqlar ildə bir dəfə psixiatrın qarşısına “çıxarılır” ki, görək növbəti il də oxumağa layiq sayılacaqlarmı?! Sanki təhsil onların hüququ yox, imtiyazıdır.

İndi qulaq asın:
Əgər uşağa “yüngül əqli gerilik” diaqnozu qoyulsa – məktəb YOX! Evdə təhsil.
Əgər “orta əqli gerilik” yazılsa – məktəb olar!
Görünür bizdə diaqnoz nə qədər “ağırdısa”, bir o qədər “təhsilə uyğundur”. Bravo, məntiqin mükəmməl təntənəsi!


Uşaq məktəbdə inkişaf göstərsə – dərhal şübhə doğurur:
“Yəqin diaqnoz yanlışdır, bəs bu uşaq necə inkişaf edir?!”
Əslində isə inkişaf göstəricisi sosiallaşmadan keçir. Yüngül diaqnozlu uşaqların cəmiyyətə inteqrasiyası daha önəmlidir. Amma biz nə edirik? Onları dörd divar arasında saxlamaqla “təhlükəsizliyini təmin edirik”.

Daha betəri – ağır əqli gerilik diaqnozu alan uşaqlar ümumiyyətlə sistemdən silinir. Təhsildən tamamilə kənarlaşdırılır. Halbuki…
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa görə, heç bir uşaq təhsildən kənarda qala bilməz.

🏛️ 1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
    •    Maddə 5. Təhsil hüququ: Bu maddədə qeyd olunur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət bu hüququ təmin edir.
Bu, qanundur. Qanunu tanımayan sistemsə, qanunsuzluq deməkdir.

Digər absurda baxın:
Poliklinikada uşaqları dəyərləndirən psixiatrlar, valideyn tək getsə, müəllimi mütləq “tələb edirlər”. Getməsə, elə “qulp” qoyurlar ki, müəllim məcbur gedir. Bəzən də çox sadə deyilir:
“Müəlliminiz də gəlsin.”
Sanki məktəbdə müəllim tərəfindən təqdim edilən ətraflı xasiyyətnamə heç bir işə yaramır.

Əziz Təhsil və Səhiyyə Nazirliyi, sizcə bu tablonun fərqindədirlərmi? Məncə susmaq lazım deyil…..

Hörmətlə defektoloq-loqoped Esmira Kazımova

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr