Uşaqların taleyi “qələm altında” – nə qədər ədalətlidir?

Uşaqların taleyi “qələm altında” – nə qədər ədalətlidir?

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili hələ də tibbi imtiyaz kimi təqdim olunur. Yəni uşağın oxuyub-oxumaması həkimin qələminin ucuna baxır. Təhsilin taleyi bir tibbi rəyə bağlanıb. Təhsil sistemimizin yerini səhiyyə tutub, müəllimlər isə “gözləmə zalında”. Nə deyəsən? Təhsili tibbi analizə çeviriblər.

Ailələr isə hər il psixoloji-pedaqoji komissiyaya çağırılır, sanki uşağın vəziyyəti bir il ərzində “mucizəvi şəkildə” dəyişəcəkmiş kimi. Poliklinika uşağı yoxlayıb F27 verir, komissiya isə bu sənədə inanmır – sanki diplomları bir-birinin üstünə möhürlənmiş alimlər ordusudur. Ailələr 10 dəqiqəlik formal dəyərləndirmə üçün sürünüb gəlir, amma heç kim o uşaqların gündəlik dərs prosesini, sosial reaksiyalarını görmək istəmir. Görmək ağırdır, çünki otaqda yox, reallıqda baş verir.

Ən sadə nümunə – serebral iflicli 3-cü sinif şagirdim 2 il ev təhsili aldı. Nə gəzə bilir, nə otura. Sonra nə etdilər? Məktəbə göndərdilər! Niyə? Çünki mən, yəni müəllim, getməmişdim. Deməli, “məkan” əsasdır, “məna” yox. Bu nə qərardır, nə məntiqdir, nə də vicdandır. Hər il belə uşaqlar “sistem”in xətalarına qurban gedir. Uşaq “ağır dərəcə” aldısa – təhsildən kənar. Uşaq “orta kəm”dən “yüngül kəm”ə keçdisə – məktəbdən çıxarılır. Bunu hansı savad, hansı qanun, hansı vicdan qəbul edir?

May və avqust ayları – müəllim üçün cəhənnəm fəsilləridir. Gözləyirsən ki, hansı sənəd nə vaxt gələcək, hansı uşaq sistemdən silinəcək. Uşaq yox, sanki fayldır – sil, köçür, göndər. Amma burada insan var. Valideyn var. Gözləyən bir ana, bir müəllim, bir gələcək var.
Xahiş yox, zərurət:
Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinə müraciətimizdir!

Bu çağırışı yalnız bir narazılıq kimi deyil, sistemin xilasına yönəlmiş son ümid kimi qəbul edin.

Zəhmət olmasa birlikdə düşünün: Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, onların gələcəyi və hüquqları bir-iki imzanın, ya da “standart formanın” əsiri olmamalıdır. Bu uşaqların taleyini həkim-müəllim arasında yazışma ilə müəyyən etmək nə hüquqa, nə də etikaya sığır. Biz uşağı yox, sənədi tanıyırıq.

Bəli, biz düşünürük ki, bəlkə də bu haqsızlıqlardan sizin xəbəriniz yoxdur. Bəlkə sizə sadəcə rəqəmlər, hesabatlar, protokollar təqdim olunur. Amma biz, gündəlik həyatın içində – o uşaqların gözündə, ailələrin nəfəsində, müəllimlərin susqunluğunda olan gerçəkləri görürük.


Hörmətlə E.K

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr